Cənubi Koreya Xarici İşlər Nazirliyi Küveytdəki keçmiş səfir Çon Byon Hanı İranda xüsusi elçi təyin edib."Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi rəsmilərə istinadən məlumat yayıb.Məlumata görə, ölkənin Xarici İşlər Nazirliyi bu qərarı aprelin 9-da qəbul edib və Yaxın Şərqdəki münaqişə şəraitində Cənubi Koreya gəmiləri və vətəndaşlarının təhlükəsiz keçidini koordinasiya etmək üçün xüsusi elçini tezliklə Tehrana göndərməyi planlaşdırır."Məqsəd İranla Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparmaq və təkcə bizim vətəndaşlarımız, gəmilərimiz və ekipajlarımızın deyil, bütün gəmilərin keçidini müzakirə etməkdir", - nazirlikdə bildiriblər.Agentlik qeyd edir ki, ümumilikdə Cənubi Koreya ilə əlaqəli 26 gəmi hazırda İranın nəzarətində olan Hörmüz boğazında blokadadadır.Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.