Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda orta illik inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyini, 2027-ci ildə isə 4,9 %-dək azalacağını proqnozlaşdırır."Report" Asiya İnkişaf Bankının "Asiyanın İnkişaf Perspektivləri" (ADO) adlı aprel icmalına istinadən xəbər verir ki, 2026-cı il üzrə proqnoz sentyabr qiymətləndirmələri ilə müqayisədə 2,2 faiz bəndi artırılıb. 2027-ci il üçün isə proqnoz açıqlanmamışdı."2026-cı ilin yanvarında yanacaq və 2025-ci ilin oktyabrında nəqliyyat xidmətləri qiymətlərinin artması müvəqqəti inflyasiya təzyiqləri formalaşdıracaq. Bu səbəbdən, inflyasiyanın 2026-ci ildə 5,7 %-dək yüksələcəyi və 2027-ci ildən etibarən neft qiymətlərinin azalması ilə 4,9 %-dək azalacağı proqnozlaşdırılır", - hesabatda qeyd olunub.Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-lə müqayisədə 5,6 % təşkil edib.Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (fevral 2026-cı il) əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % olacaq.BMT isə bu il Azərbaycanda inflyasiyanın 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir."Moody's" beynəlxalq reytinq agentliyi cari ildə Azərbaycanda orta illik inflyasiyanı 3 %, "Fitch Ratings" 4,6 %, "Fitch Solutions" 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % səviyyəsində olacağını proqnozlaşdırır.Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda illik inflyasiyanı 2026-cı ildə 5 %, 2027-ci ildə isə 5,5 % səviyyəsində olacağını gözləyir.